Söhrab Sipehri
Tərcümə: Güntay Gəncalp
Gecənin bataqlığında
Uzunca zamandır bu yalnızlıqda,
Səssizlik boyası var dodağımda.
Uzaqdan çağırır bir səs, ancaq ki,
Ayağım ilişmiş qaranlıqlarda.
*
İynə ucu boyda dəlik də yoxdur,
Divarlar, qapılar hörülmüş çox sərt.
Zindandan qurtulmuş kabusdur sanki,
Yerlərdə sürünən kölgələr, əvət.
*
Nəfəslər darqındır, nəfəslər solqun,
Üzlərdə sevinc və təravət ölmüş.
Bu tutqun havada həyat izi yox,
Mutluluq məchul bir yerdə gömülmüş.
*
Gecənin görünməz sehirli əli,
Qapını üzümə möhkəmcə örtür.
Nə qədər vurnuxub, çabalasam da,
Gecə rişxənd ilə üzümə gülür.
*
Gündüz düşündüyüm düşüncələri,
Gecə yoldan gəlib tüstüyə boğdu.
Gecələr uçuşan xəyallarımı,
Gündüz ışığıyla yoxluğa soxdu.
*
Boyanmış səssizlik boyası ilə,
Mənim tək hər kəsin dodağı əvət.
Ayaqlar gecənin bataqlığında-
Bağlanmış, kimsədə yox bir hərəkət.
05.06.2012
Ilğım*
Hava günəşlidir və bozqır** geniş,
Orda nə bir bitki, nə bir ağac var.
Quzğun səsi vardır orada yalnız,
Bozqırdan çəkilib getmiş mahnılar.
*
Tozlardan hörülmüş pərdə dalında,
Titrək qara nöqtə vardır uzaqda.
Yolunu itirmiş bir insandır o,
Yol axtarmaqdadır, yorqun ayaqla.
*
İşdən düşmüş artıq yorqun bədəni
Görünmür gözləri tozdan, torpaqdan
Susuzluq qurutmuş dodaqlarını,
Çılpaq ayağını dalamış tikan.
*
Üfüqlərə doğru yürüdükcə o,
Görünür gözünə uzaqlarda su.
Bir az yürüdükdən sonra görür ki,
Görünən su deyil, sanki bir yuxu.
06.06.2012
Qaranlıq meyvə
Yağmurlu ağaclar ışıq içirdi,
Sardı yaşıllığı titrək bir nəfəs.
O, gəldi bağçaya içində ışıq,
Yox oldu kölgəsi mahnı deyərək.
*
Budaq baş əymişdi ona, sərxoşça,
Yarpaq dünyasından o isə, üstün.
Bağçada coşurdu yaşıl duyqular,
Onunsa köksündə sevinc büsbütün.
*
Meyvəsinin rəngi qorxu rəngində,
Bir ağac canlandı onun yolunda.
Onunsa düşündə*** dolaşdı bir sirr
O, bunu görmüşdü bir yuxusunda.
*
Əlləri titrədi, qorxdu ağacdan,
Meyvə dərmək üçün ağaca vardı.
Qorxunu yenərək öz içində o,
Varıb da ağacdan meyvə qopardı.
08.06.2012.
Müəmma quşu
Bu çinar üstündə uzun zamandır,
Müəmma rəngində bir quş oturmuş.
Onun səsi heç bir rəngə bənzəməz,
Mənim tək onu da yalnızlıq sarmış.
Səssizlik içində burxulub qalmış,
İçi tufanlarla dolu olsa da.
Sözlə dolu sükut qırılsa bir gün,
Bu ev tam olaraq gedəcək bada.
Səsini içində boğsa da o quş,
Onun səssizliyi səslə doludur.
Anılar gözünün önündən keçir,
Gövdəsi yuxunun görüntüsüdür.
Darlıqdan qurtulmuş onun qanadı,
Həyat uzaqlarda bir sərab sanki
Düşmüşdü divara yorqun kölgəsi,
Divarın üstündə uyuyan kimi.
Baxışları dalmış dərin düşlərə,
Gözlərindəki də deyildir həvəs.
Onun sükutuyla bağlantım vardır
Gözləri kiməsylə söhbət eyləməz.
Könüldə yol gedər bu quş öyküsü
Qəlbə yerləşməyən, bir xəyaldır boş.
İtkin şəhərlərlə ilintisi var,
Bu yerdə qəribdir, müəmmalı quş.
20. 07. 2012
Tüstü dumanlanır
Tüstü dumanlanır səssizliyimdən
Kimsə xəbər tutmaz viran dünyamdan
Yanmış ürəyimlə danışıram mən
Bu əfsanə bilməm bitər nə zaman?
Gecə ətəyindən əlimi çəkdim
Səhərin saçına bürünüm deyə
Üzməyi bilmədən sahildən atdım
Özümü dənizin dərinliyinə
Divarın üstündə kimsə görmədi
Məğlublar rəngindən başqa bir boya
Xəyalın gözləri axır sürəkli
Ümidə bağlanar bəlkə doğruca
Karvan getmiş və mən qalmışam yalnız
Bu mənzilə ayaq basdığım gündən
Bu atəş içində canım yansa da
Ancaq yaxılmağa könül verdim mən
Səhər gülümsəyir şəhər yoluna
Qaranlıq sürünür evlər üstündən
Yaxılmış könlümün sözü var xeyli
Tüstü dumanlanır səssizliyimdən
20. 07. 2012
Qəmli qəm
Soyuq bir gecədir və mən kədərli
Yollar çox uzaqdır mən isə yorqun
Çıraqlar ölmüşdür, hər yan qaranlıq
Və mən yol gedirəm yalnız başıma
Adamlar arxada qalmış, uzaqda
Divarın üstündən keçdi bir kölgə
Artırdı qəmimin üstünə bir qəm
Qaranlığın fikri və bu viranə
Gizlin əfsanələr uyudurmaq üçün
Səssizcə yürüyüb girdi könlümə
Yoxdur heç bir rəng ki, mənə söyləsin
Səbirlə bəklə də, yoldadır səhər
Bəzən içərimdən qopur bu fəryad:
Necə də qaranlıq olmuş bu gecə!
Hardadır könlümü isidən gülüş?
Hardadır dənizə düşəcək damla?
Hardadır arxamda duracaq qaya?
Sanki gecə bir az rütubətlidir
Bir çox insanların könlündə qəm var
Ancaq mənim qəmim, daha qəmlidir.
20. 07. 2012
Soyuq qanlı
Paslanmışdır artıq mənim hekayəm
Gecə nəfəsiylə bağlantım vardır
Onun dodağına ışıq qonarsa
Könlüm sanar onu dadlı gülücük
Böylə sorar onun xumar gözləri:
Qəlbə ışıq verən çıraq hardadır?
Kədərlənən hər kəs mənə söylədi:
Hardadır könlümü yandıran atəş?
Kərpiçlər sökülüb düşür divardan
Artıq bu divarı onarmaq olmaz
Onu sökmək üçün külüng gərəkməz
Sel gəlib divarı tamam yıxacaq
Keçir də zamanın ıslaq küləyi
Bizim gövdəmizin rəngi tökülür
Bu evin tavanı uçmaq üzrədir
Uçub töküləcək başımıza tam
20. 07. 2012
Hiç yorum yok:
Yorum Gönder